Kitabın insan həyatındakı rolu əvəzsizdir. Hər bir kitab, xüsusən poeziya, insan ruhuna dərin təsir göstərir, onun duyğularını zənginləşdirir, düşüncələrini saflaşdırır. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə işıq üzü görən “Yaşılım yaşılım, hara gedirsən?” adlı şeir antologiyası məhz bu missiyanı daşıyır.
Bu kitab müxtəlif şairlərin yaradıcılıq sərvətini bir araya gətirərək, oxucuları milli poeziyanın zənginliyi ilə tanış edir. Hər bir şeir təbiətə, insana və həyata dərin sevginin təcəssümü kimi könüllərə yol tapır. Antologiya, yalnız poeziyanı sevənlər üçün deyil, həm də yeni nəsli vətənə, təbiətə və insani dəyərlərə daha da yaxınlaşdırmaq baxımından əhəmiyyətli bir töhfədir.
“Yaşılım yaşılım, hara gedirsən?” şeir antologiyasının ərsəyə gəlməsi Azərbaycan ədəbiyyatı və poeziya həvəskarları üçün əlamətdar bir hadisədir. Bu dəyərli kitabın hazırlanmasında bir çox insanın əvəzsiz xidmətləri olub. Xüsusilə, Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllimin, Yazıçılar Birliyinin katibi hörmətli Rəşad Məcidin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri hörmətli Arzu Bağırovanın, görkəmli şairlərimizdən Vaqif Bəhmənlinin və şairə Xatirə Fərəclinin dəyərli əməkləri xüsusi qeyd olunmalıdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, hörmətli Anar müəllimin, ədəbiyyata, mədəniyyətə və maarifləndirmə işlərinə verdiyi yüksək dəyər və diqqətə bir daha şahid olduq. Təşkilatımızın sədri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri hörmətli Arzu Bağırovaya “Yaşılım yaşılım, hara gedirsən?” şeir antologiyasına göstərdiyi dəstəyə görə hörmətli sədr Anar müəllim tərəfindən təşəkkürnamə ilə təltif edildi. Bu təltif bizim üçün böyük qürur və sevinc mənbəyidir.