Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi 20 tənha, yaşlı, aztəminatlı şəxsin zəruri ərzaq və dərmanla təminatını öz üzərinə götürüb.

Bu barədə Axar.az-a Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova məlumat verib. O bildirib ki, aksiyanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirirlər:

“Bu gün dövlətimiz cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, bu pandemiyaya qarşı mübarizə aparması, ondan insanlarımızın minimal zərərlə xilas edilməsi istiqamətində zəruri tədbirlər görür. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” deyə çağırış etməsi və Mehriban xanım Əliyevanın xalqa bir ana kimi müraciəti prosesə hamımızın qoşulmağımıza stimuldur. Bu müraciətlərdə qeyd edildiyi kimi, yaşlı insanlar əhalinin həssas risk qrupuna daxildir. Odur ki, onlar yaxşı olardı ki, evdə qalsınlar. Evdə qaldıqları müddətdə onlar üçün ərzaq və dərmanlarının alınmasında problem yaranır. Onlar arasında elə ailələr var ki, maddi vəziyyətləri çox çətindir. Maddi vəziyyətləri çətin olan yaşlı tənha şəxslərin koronavirus pandemiyası dövründə ərzaq və dərman təminatını təşkilatımız öz üzərinə götürür. Bu ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edilib”, – Arzu Bağırova bildirib.

O qeyd edib ki, imkanlı şəxslərin də bu kampaniyaya qoşulması arzulanandır:

“Yardım etmək arzusunda olan imkanlı şəxslər belə ailələrlə bağlı zəruri məlumatları (ünvanları, telefon nömrələri və s.) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, yaşadıqları rayonun icra, bələdiyyə qurumlarından əldə edə bilərlər”.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir