Arzu Bağırova çuvaş sənətçisi ilə görüşüb
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova qardaş Çuvaşıstanın tanınmış sənətçisi Alyona Silpi (Alyona Vladimirovna
Maksimova-Savelyeva) ilə görüşüb.
Sənətçini və onun ailəsini sayğılarla salamlayan RHİMİB sədri mədəni əlaqələri, sənət bağlarını xalqlar, ölkələr arasında ən güclü əməkdaşlıq platforması kimi şərh edib.
Arzu Bağırova ictimai, sənət bağlarının qarşılıqlı olaraq gücləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.
O, Çuvaşıstandan öncəki illərdə Azərbaycana səfər etmiş ictimai və sənət xadimləri ilə aparılan müzakirələri məmnuniyyətlə xatırlayıb.
Çuvaş xalq mahnılarının mahir ifaçısı olan Alyona Silpi ilk dəfə Azərbaycanda olduğunu bildirib. O, ölkəmizə həyat yoldaşı və azyaşlı oğlu Arslanbek ilə birgə, Milli Yaylaq Festivalında çıxış üçün gəldiyini söyləyib. Azərbaycandan zəngin təəssüratla ayrılacaqlarını bildirən çuvaş sənətçisi, bu səfərin yeni sənət bağlarının qurulması, mədəni əməkdaşlığın gücləndirilməsi baxımından çox faydalı olduğunu vurğulayıb.
Arzu Bağırova Çuvaşıstan-Azərbaycan mədəni bağlarının güclənməsinə verdiyi töhfələrə görə Alyona Silpini RHİMİB-in “Fəxri fərman”ı ilə təltif edib; təltifdən sonra qarşılıqlı hədiyyə bağışı olub.
Görüşdə çuvaş aydını – xanım Silpinin həyat yoldaşı, ictimai xadim Oleq Maksimov, azərbaycanlı şair-publisistlər Əkbər Ekber Qoşalı , Ibrahim Hajiyev , İntiqam Yaşar , RHİMİB koordinatoru Nilufer Letif iştirak edib.