Sosial sahə hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasət əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Sosial siyasət üzrə dövlətin həyata keçirdiyi proqramlar əhalinin əsas sosial qruplarının marağını ifadə edərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində özünü büruzə verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan edilən müasir sosial siyasət bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə və uğurla davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova söyləyib.
O vurğulayıb ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, dünyanın bəlasına çevrilən koronavirus pandemiyası dövründə də insanların həyat şəraitinin təmin edilməsi və onların güzəranının yaxşılaşdırılmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin tapşırıqları əsasında koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi ilə bağlı tədbirlər ardıcıllıqla davam etdirilir. Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir.
Pandemiya ilə mübarizədə Azərbaycanın təcrübəsindən məmnunluqla danışan İctimai Birliyin sədri deyib: “Ölkəmiz Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində koronavirus pandemiyasının qarşısının alınması və bu xəstəliklə mübarizədə əsil nümunə göstərdi. İnkişaf etmiş ölkələrin bu xəstəliyin qarşısında aciz qaldığı bir vaxtda Azərbaycan sabitliyi qoruyub saxlaya bildi. Bu, qürur duyulası bir haldır.
Pandemiya ilə çətin mübarizə şəraitində belə dövlətimizin başçısı vətəndaşını unutmadı, həmişəki kimi, yenə də onların yanında olduğunu, problemləri ilə maraqlandığını sübut etdi. Vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edən paketlərin tətbiqi təqdirəlayiqdir. Sosial paket çərçivəsində həm birdəfəlik ödəmələr həyata keçirilir, həm də dövlət büdcəsindən vəsait ayrılıb. Prezidentin tapşırığı əsasında birdəfəlik ödəmənin verilməsi 600 min vətəndaşı əhatə edəcək. Pandemiya dövründə də ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycanda aparılan siyasətin əsas hədəfi vətəndaşlarımızın sosial təminatının gücləndirilməsidir”.
Arzu Bağırova qeyd edib ki, artıq DOST mərkəzləri vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb və bunun üçün 30 milyon manat vəsait ayrılıb. Bununla da ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatıb. Eyni zamanda, birdəfəlik sosial yardımların verilməsi əhatəsi genişlənir. Prezident İlham Əliyev aprelin 14-də keçirilən müşavirədə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirləri ilə görüşündə pandemiyanın təsir etdiyi bütün vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bir daha göstərişlər verdi. Bu istiqamətdə qarşıya qoyulan vəzifələr daha çox vətəndaşımızın sosial paketdən faydalanmasına imkan verəcək.
Qeyd edilib ki, dövlətimizin pandemiya dövründə təsdiqlədiyi paketlərdən sahibkarlıq subyektləri və fərdi sahibkarlar yararlanacaqlar. Bildirilib ki, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi də həyata keçirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə yaşı 65-dən yuxarı vətəndaşlarımıza xidmət göstərən işçilərin əməkhaqlarının iki misli qədər artırılmasına qərar verilib. Bütün bunlar həmin sahədə çalışan vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına hesablanıb və dövlətin qayğısının daha bir təzahürüdür.
“Pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir vətəndaşa xüsusi diqqət və qayğı göstərir, onların sosial təminatının gücləndirilməsini təmin etmək üçün bütün tədbirləri görməyə qadirdir”, – deyə Arzu Bağırova vurğulayıb.