
Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərlə paralel olaraq beynəlxalq arenada nüfuzu artmaqda davam edir. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, bu yüksəliş fonunda Azərbaycanın daxili ictimai-siyasi mühitinə, media müstəvisinə və hüquqi sisteminə qarşı məqsədyönlü qara piar kampaniyaları da intensivləşib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquq və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova söyləyib.
Onun sözlərinə görə, xüsusilə “Avroviziya”, “Formula 1”, “Avropa Oyunları”, “COP29” kimi beynəlxalq tədbirlər ərəfəsində sosial şəbəkələrdə və bəzi xarici media qurumlarında anti-Azərbaycan çağırışlarının artması təsadüfi deyil: “Diqqət etsək görərik ki, Avropada yaşayıb, özlərini guya jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən bəzi şəxslər hər dəfə məhz Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyi dönəmlərdə xüsusi fəallaşırlar. Bu, onların fəaliyyətinin təbii ictimai prosesin deyil, koordinasiyalı kampaniyanın tərkib hissəsi olduğunu göstərir. Ola bilər bu fəaliyyətlər eyni mərkəzdən idarə olunmur, lakin fakt ondan ibarətdir ki, bölgədə maraqları üst-üstə düşən qüvvələrin məqsədi Azərbaycanın müstəqil siyasətinə, yeni geosiyasi gerçəklik formalaşdırmaq bacarığına qarşı təzyiq aləti yaradılır”.
QHT sədri diqqətə çatdırıb ki, son illərdə xüsusilə Avropa Birliyinin və onun nəzdində fəaliyyət göstərən qurumların postsovet ölkələrinə, o cümlədən Azərbaycana qarşı sərgilədiyi mövqe təkcə qeyri-obyektiv deyil, həm də qərəzli və təhqiramiz xarakter daşıyır. Əsassız və birtərəfli qətnamələr, bəyanatlar məhz Azərbaycan haqqında qəbul olunur. Təbii ki, bu, ilk növbədə, Azərbaycanın artan rolunu, güclənən söz sahibi mövqeyini gözü götürməyən dairələrin ölkəmizə növbəti təsir cəhdidir. Azərbaycana qarşı kampaniyada adı ən çox hallanan beynəlxalq qurumlardan biri olan “Amnesty International”ın son çıxışı da bu kontekstdə qiymətləndirilməlidir. Bu günlərdə həmin təşkilat ABŞ və Avropa Birliyi arasında söz azadlığı ilə bağlı artan gərginliyə heç bir reaksiya vermədi. Halbuki, “Amnesty International” guya dünyada insan hüquqlarının qorunması ilə məşğuldur. Əvəzində Azərbaycana qarşı bəyanat yayaraq burada guya azad medianın olmadığını iddia etdi. Bu, bir daha göstərir ki, bəzi QHT-lər özlərini hüquq müdafiəçisi kimi göstərsə də, əslində, konkret siyasi sifarişlərə xidmət edir.
Bu məsələdə Prezident İlham Əliyevin mövqeyinin tamamilə aydın olduğunu vurğulayan A.Bağırova əlavə edib: “Azərbaycan Prezidenti dəfələrlə bu qurumların qərəzli və sifarişli fəaliyyətinə diqqət çəkib. Dövlətimizin başçısının çox səlis ifadəsi ilə desək, onların kimdən pul aldığına və musiqini kimin sifariş etdiyinə baxsaq, aydın görəcəyik ki, onlar tamamilə asılıdır. Bax, bu danılmaz asılılıq beynəlxalq QHT sektorundakı gerçək mənzərəni ortaya qoyur. Hazırda ABŞ və Avropa İttifaqı arasında insan hüquqları, söz azadlığı ilə bağlı qarşılıqlı ittihamlar səngimək bilmir və bu, ikili standartların daha da dərinləşdiyini göstərir. Əgər bu qurumlar doğrudan da azadlıqların keşiyində durursa, niyə özlərinin içərisindəki sistemli pozuntulara göz yumur? Azərbaycanı ittiham edən qurumlar öncə evlərinin içini təmizləsin. Əks təqdirdə, onların bəyanatları yalnız siyasi alət olaraq qiymətləndiriləcək və cəmiyyətimizdə heç bir inandırıcılığı olmayacaq”.