İkisahil.TV-nin bugünkü müsahibi Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırovadır
– Arzu xanım, vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərimizdə vətənpərvərlik hissinin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?
– Vətənpərvərlik ruhunun aşılanmasına ailə ilə yanaşı, uşaq bağçalarından da başlamalıdır. Böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa çalışmalıdırlar. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşür, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir. Vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıq, fədakarlıq göstərməkdir ki, bunun bariz nümunəsini Vətən müharibəsində qəhrəman oğul və qızlarımız göstərdilər.
– Döyüş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir. Bununla bağlı nə deyərdiniz?
– Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.
– Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi yaranmasının 3-cü ildönümünü bir qrup şəhid ailəsi ilə birlikdə qeyd edib. Bir çox birliklər üçün bunu örnək hesab etmək olarmı?
– Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi Qələbə qazanan Azərbaycan, həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Artıq bərpa işlərinə də start verilib. Quruculuq işləri başlayıb, infrastruktur layihələri həyata keçirilir, şəhərlərin baş planları hazırlanır. Öz növbəsində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi də xidmətləri ilə kiçicik də olsa bu prosesə töhfəsini verməyə çalışır. Birliyimiz yaranmasının 3-cü ildönümünü bir qrup şəhid ailəsi ilə birlikdə qeyd edib. Şükürlər olsun ki, düşmən üzərində tarixi Zəfər qazanmışıq, şəhidlərimizin qanı yerdə qalmayıb. Bundan sonra biz vətəndaş cəmiyyəti təmsilçiləri də öz mənəvi məsuliyyətimizi hiss edərək şəhidlərimizin ruhunun şad olması, tarixi Zəfərimizin daha da möhkəmlənməsi, necə deyərlər, azadlıqdan abadlığa, vəhşi düşmənin işğal dağıntılarından dinc quruculuğa keçidə töhfələr vermək üçün əlimizdən gələni edəcəyik. Heç vaxt unutmayacağımız şəhidlərimiz kimi, bu Vətən üçün bədənlərinin müxtəlif hissələrini itirmiş qazilərimizdə var. Onlar da bu Vətənin hər bir qarış torpağı üçün sinələrini döyüş meydanında sipər edərək, qazilik kimi ali mərtəbəyə ucaldılar. Onlar bu xalq, bu Vətən üçün canlı tarixdilər. Mənim üçün ən önəmli amil insanlığa və insanlara faydalı olmaqdır. Çox şadam ki, rəhbərlik etdiyim təşkilatın fəallarının da burada böyük xidmətləri var.
Biz, Milli Məclisin komitə sədri Qənirə Paşayeva ilə birlikdə mütəmadi olaraq respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların ailələrini, həmçinin müharibə əlil və veteranlarını ziyarət edirik. Elə bugünlərdə Tərtərin Suqovuşan qəsəbəsində olduq. Tərtər rayonunda şəhid ailləri ilə görüşdük. Biz müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.
– Qeyd etdiniz ki, mənim üçün ən önəmli amil insanlığa və insanlara faydalı olmaqdır. Bu istəyi həyatda gerçəkləşdirmək nə dərəcədə asandır?
– Əsas məqsədim, istəyim hər kəsə faydalı, səmərəli insan olmaqdır. Gəncliyimdən bəri məni heç nə həvəsdən sala bilməzdi. Kimsənin mənfi fikri, neqativ sözü məni həvəsdən salmazdı, ruhdan düşməzdim. Çalışıram ki, sükanı belə saxlayım.
Birliyimiz öz fəaliyyəti dövründə bir-birindən maraqlı layihələr həyata keçirir. Türk dünyasının gücləndirilməsi və türkdilli dövlətlər arasındakı əlaqələrin inkişafı yönündə öz töhfələrimizi verməyə çalışırıq. Çünki bizim güclü olmağımız birliyimizdən keçir. İstər siyasi, istər mədəni sahələrdə bir-birimizi daha çox tanımağımız, sahiblənməyimiz və dəstəkləməyimiz önəmlidir. Biz də bu sahədə layihələr keçirəcəyik və düşünürəm ki, bu, öz faydasını verəcək. Bundan başqa, birliyimiz ədəbiyyatçılarla, yazıçı, şairlərlə çox sıx təmasdadır. Onların Qarabağa, şəhidlərimizə aid yazdığı kitabları biz çap edirik. Artıq birliyimizin dəstək olduğu 30-a yaxın kitab işıq üzü görüb. Onların bir çoxunun təqdimatını da keçirmişik. Eləcə də uşaqların, gənclərin ziyalılarımızla görüşlərini təşkil edirik. Bu vasitə ilə ziyalılarımıza səslənmək istəyirəm ki, bölgələrimizə getsinlər. Orada yaşayan insanların, məktəblilərin bu görüşlərə çox ehtiyacları var. Bu, onlar üçün ayrıca stimul, motivasiya və ilham qaynağıdır.
-Birliyiniz gəncələrdə kitab mütaliəsinin formalaşmasına da öz töhfəsini verir. Bununla bağlı nə deyərdiniz?
– Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Özəlliklə qızlarımızın təhsilinə xüsusi diqqət göstərməliyik. Unutmamalıyıq ki savadlı cəmiyyət üçün savadlı analar lazımdır.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılğı ilə “İnkişafın yolu kitabdan keçir” adlı silsilə tədbirlər keçiririk. Cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Məktəblilərə Azərbaycan tarixi və ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatına məxsus kitablar hədiyyə edirik. Hesab edirəm ki, bu kitablar onları daha çox oxumağa, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə kömək edəcək. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»