
Bu gün Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova “İki sahil” internet televiziyasının qonağı olub. Veriliş zamanı Arzu xanım təşkilatın əsas fəaliyyət istiqamətləri, həyata keçirilmiş layihələr və qarşıya qoyulan hədəflər barədə geniş məlumat verib.
Söhbət zamanı vurğulanıb ki, ictimai birlik ölkədə maarifləndirmə sahəsində fəal fəaliyyət göstərir, xüsusilə regionlarda və həssas qruplar arasında hüquqi biliklərin artırılmasına yönəlmiş təşəbbüslərlə çıxış edir. Təşkilat vətəndaş cəmiyyəti institutları, dövlət qurumları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək ictimai faydalı layihələr həyata keçirir.
Arzu Bağırova qeyd edib ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi son illərdə bir sıra uğurlu layihələr reallaşdırıb. Bu layihələr çərçivəsində yüzlərlə insan təlimlərdə iştirak edib və maariflənib.
Verilişdə gələcək planlardan da söz açılıb. Sədr bildirib ki, Birlik regionlarda maarifləndirici tədbirləri genişləndirməyi, gənclərin və qadınların hüquqi savadlılığını artırmağı, həmçinin inklüziv və davamlı inkişaf hədəflərinə töhfə verməyi qarşısına məqsəd qoyub.
Verilişə dəvət üçün “İki sahil” internet televiziyasının əməkdaşlarına minnətdarlığımızı bildiririk.