COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi, eyni zamanda, xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu göstərməklə iqtisadi baxımdan son dərəcə faydalı olacaq. Digər tərəfdən bu tədbir yaşıl keçid çərçivəsində yeni layihələrin maliyyələşməsi üçün beynəlxalq maliyyə institutları ilə sıx əlaqələrin yaradılmasına, ölkəmizə qabaqcıl texnologiyaların transferinin reallaşmasına və xarici investisiya ilə yeni istehsal müəssisələrinin qurulmasına təkan verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının prezidenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova səsləndirib.
COP29-un Azərbaycanda keçirilməsinin iqtisadi dividendlərindən danışan QHT sədri bildirib ki, bu mötəbər tədbir ölkəmizin zəngin yaşıl enerji potensialını daha yaxşı şərtlərlə realizə edə bilməsinə də imkan yaradacaq. Son 4 ildə ölkəmizin işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, o cümlədən innovativ texnologiyaların tətbiq edildiyini, yaşıl enerji zolaqlarının yaradıldığını, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin reallaşdırıldığını vurğulayan QHT sədri COP29-un Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiyanın nəticəsi olduğunu deyib. O qeyd edib: “Dünyada geosiyasi ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycanda COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi dünya ictimaiyyətinin dəyərli üzvlərini bir araya gətirəcək mərkəz rolunu oynamaq, iqlim maliyyəsi və enerji keçidi kimi əsas məsələlərdə ölkələr arasında ümumi dialoq yaratmaq, dünyada sülhə dəstək kimi missiyanın həyata keçirmək istiqamətində mühüm əhəmiyyət daşıyır.
N.Məmmədova hesab edir ki, bu mötəbər tədbir Azərbaycanın maraqlarının dünyada təbliği, ölkəmizin beynəlxalq aləmdə sülhün və sabitliyin inkişafına dəstək missiyasını həyata keçirməklə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından da əhəmiyyətli olacaq. COP29 zamanı Azərbaycan ev sahibi ölkə olaraq dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin, sülh və təhlükəsizlik məsələlərinin həlli üçün qlobal mərkəzə çevriləcək.
Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, COP29 Azərbaycanın qeyri-ənənəvi enerji mənbələrindən istifadə sahəsində potensialının daha yaxşı şərtlərlə dəyərləndirilməsinə təkan verə bilər.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova AZƏRTAC-a açıqlamasında bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi müasir infrastrukturun daha da inkişafına, şaxələnməsinə yeni təkan verəcək. “Azərbaycan bərpaolunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisi sahəsində yetərincə geniş imkanlara malikdir. COP29 bu potensialın daha yaxşı şərtlərlə gerçəkləşdirilməsi üçün xarici yatırımları cəlb etməyə, yeni texnologiyaların ölkəmizə gətirilməsini stimullaşdırmağa kömək edəcək. İnfrastruktur layihələrinin genişləndirilməsi, tətbiqi, ümumilikdə bu sahədə inkişaf artıq müşahidə olunur”.
QHT deyib ki, yaşıl gündəliyin tətbiqi, habelə maliyyə dəstəyi və texnoloji transferlərin reallaşması Azərbaycanda yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq. “Yol, nəqliyyat, hotelçilik və digər iş sahələrindəki infrastruktur layihələri yerli iqtisadiyyata, heç şübhəsiz, müsbət təsir göstərəcək. Turizm sektorunun canlanması, iş adamlarının yaranmış yeni imkanlardan faydalanaraq yeniliklərə imza atmaları, dövlət-özəl istehsal sektoru işbirliyinin qarşılıqlı faydalı əsasda inkişafı, ekoloji və iqlim diplomatiyası ümumi mənzərənin tamamlayıcı amilləri kimi çıxış edir”, – deyə əlavə edib.
A.Bağırova diqqətə çatdırıb ki, belə mötəbər tədbirə ev sahibliyi ilə Azərbaycan iqlim dəyişikliyi mövzusunda təkcə davamlı xidmətləri ilə yadda qalmayacaq, həm də ekoloji məsuliyyətin artırılması ilə bağlı yeni təşəbbüslərə yol açmış olacaq. “Bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən Azərbaycan yalnız COP29 günləri boyunca deyil, ilboyu yaşıl dünya mövzusuna köklənən ölkə kimi “COP atəşkəsi” təklifi irəli sürüb. Bu gerçəkləşərsə, gələcəkdə ənənəyə çevrilə bilər. Bu isə qarşıdurma tərəfləri arasında təmas nöqtələrinin tapılması, qan-qadanın heç olmasa bir müddətlik dayandırılması üçün çox önəmlidir. Necə deyərlər, bir yerdən başlamaq lazımdır. Düşünürəm ki, sülh axtarışları, müharibələrin sonlandırılması çağırışları üçün Bakıdan daha yaxşı, daha uyğun ünvan yoxdur”, – deyə A.Bağırova bildirib.