Mayın 30-da Masallı rayon Gənclər evində “Masallı folkloru örnəkləri” 3- cü cildinin təqdimat mərasimi keçirilib.
Masallı rayon İcra hakimiyyətinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri, mədəniyyət işçiləri, yazarlar, müəllimlər, gənclər, habelə Bakıdan gəlmiş ziyalılar iştirak edib. Tədbir Masallı şəhidlərinin timsalında bütün dönəmlərdəki Azərbaycan şəhidlərinin xatirəsinə sayğı duruşu və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin aparıcısı – MM Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı giriş sözü söyləyərək, may ayına təvafüq edən önəmli tarixi hadisələrdən, o cümlədən Xalq Cümhuriyyətinin elanının, Ümummilli lider Heydər Əliyevin anadan olmasının məhz bu aya düşməsindən söz açaraq, folklora, ədəbiyyata, ümumən mədəniyyət və sənətə dövlət qayğısından danışıb. Ə.Qoşalı vurğulayıb ki, o, Xalq Cümhuriyyətimizin və Ümummilli liderin adını təsadüfən çəkməyib: çünki xalq yaradıcılığının sosial-mədəni və ictimai-mənəvi aspektlərinin öyrənilməsi folklorşünaslıq elmimizin qarşısında duran güncəl problemlərdəndir. Folklorşünaslığın bir elm sahəsi olaraq yarandığı, təşəkkül tapdığı XIX-XX yüzillərin böyük hissəsi dövlətimizin müstəqil olmadığı, deməli, milli humanitar fikrimizin də necə deyərlər, hürriyyətə qovuşmadığı dönəmlər olub. – “1918-20-ci illəri çıxmaq şərti ilə, belə bir imkan bir də 1991-ci ildən sonra yaranıb. Biz müstəqil olmadığımız dönəmlərdə də fədakar ximətləri ilə seçilmiş, istiqlal şəhidləri olmuş, mümkün olanı çatdıra bilmiş, necə deyərlər, ocağı sönməyə qoymamış elm xadimlərimizi rəhmətlə anırıq!
Alimlərimiz vurğulayır, ümidvaram sizlər də bölüşərsiniz ki, folklorşünaslığımızda yeni keyfiyyət mərhələsi XX yüzilliyin 70-ci illərində başlayıb. Aydındır ki, bu keyfiyyət dəyişikliyi, respublika rəhbərliyinə gəlişi ilə milli-mənəvi dəyərlərə arxa-dayaq olan Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun polad iradəsi, cəsarəti, uzaqgörənliyi, ideyaları və təşəbbüskarlığı əsasında milli mədəni mirasın öyrənilməsinin əlverişli, uyğun yolları tapıldı; araşdırma, təbliğ və tərənnüm işi mümkün olan ən yüksək səviyyəyə qaldırıldı”.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov və tanınmış folklorşünas alim Prof.Dr. Fuzuli Bayat , filologiya üzrə fəlsəfə doktoru Aynur Ibrahimova tədbirin, eləcə də kitabın məna-mahiyyəti haqqında çıxış etdikdən sonra təşkilatçı qurumlar adından “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB-in) sədri Arzu xanım Bağırova çıxış edib.
Arzu Bağırova rəhbəri olduğu ictimai birliyin mədəniyyət-sənət layihələrindən söz açıb, çoxsaylı nəşrlərlə çıxış etdiyini bildirib.
O, Ümummilli liderin şəxsi nüfuzu, uzaqgörənliyi, dərin bilikləri sayəsində milli-mənəvi irsin öyrənilməsinin böyük uğurla davam və inkişaf etdirildiyini, mədəni irsin qorunması, insanların mənəviyyatının yüksəldilməsi, gənc nəslin tərbiyəsi, vətənpərvərlik və b. əməli çalışma sahələrində tərəqqi əldə edildiyini vurğulayıb.
Heydər Əliyevin adı ilə sıx bağlı olan mənəvi quruculuq dönəmini şərh edən Arzu Bağırova, bunun əslində alimlərin işi olduğunu və çox yaxşı ki, alimlərimizin də bu mövzuya biganə qalmadığını vurğulayıb, müvafiq kitabların nəşr edildiyini deyib.
O, “Masallı folkloru” çoxcildliyini də yuxarıda vurğulanan fikirlər işığında şərh edib.
Arzu Bağırova çıxışının sonunda, Masallı rayon İcra hakimiyyətinə, AMEA Folklor İnstitutuna, sözügedən kitabda əməyi keçən hər kəsə, özəlliklə, müəlliflərə könül dolu təşəkkürünü yetirib: “Bu tədbirin təşkilinə mənəvi dəstək göstərən bütün könül dostlarına, buraya təşrif buyurduğunuza görə sizlərin hər birinizə təşəkkür edirəm.
Çox sağ olun”!
Arzu Bağırova Masallı rayon İcra hakimiyyəti başçısı Araz Əhmədov və folklorşünas alim Prof.Dr. Füzuli Bayata RHİMİB plaketi və rəmzi hədiyyələr təqdim edib.
Tədbirin bədii bölümündə yerli folklor qrupu çıxış edib.