MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və RHİM İB-in sədri Arzu Bağırova qəhrəman şəhidimiz Sahib Şirəliyevin valideynləri ilə görüşüblər və hər zaman yanınızdayıq deyiblər.
Musavat.com xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini, Vətən Müharibəsi şəhidi, Baş leytenant Sahib Yusif oğlu Şirəliyevin valideynləri ilə görüşüblər.
Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində boya-başa çatmış Sahib Şirəliyev hələ yeniyetməlik illərindən öz cəsurluğu, vətənpərvərliyi ilə seçilib.
O, Xüsusi təyinatlı dəstənin zabiti olaraq, Naxçıvan Muxtar Respublikasında qulluq edib.
Sahib Şirəliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini düşməndən azad etmə əməliyyatında iştirak edərkən qəhrəmancasına şəhid olub.
Şəhid zabitimiz, həmyerlisi, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarı yanında torpağa tapşırılıb.
Şəhid qardaşı Əli Yusif oğlu Şirəliyev də öz taleyini hərbi xidmətə bağlayıb – Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Q.Paşayeva və A.Bağırova şəhidin valideynləri ilə görüşdə, ailənin digər oğlu Əlinin də həqiqi hərbi xidmətdə olduğuna vurğu edərək, ürək sözlərini bölüşüblər: “Sizin kimi ailələr baş tacımızsız, qarşınızda baş əyir, əlinizdən öpürük. Bir oğlunuz şəhid olub, digər oğlunuz hazırda hərbi qulluqçudur. Əslində, bütün əsgər-zabitlərimiz Siz şəhid valideynlərinin mənəvi övladlarıdır. Qələbə münasibəti ilə təbriki ən çox haqq edənlər də Siz şəhid valideynlərisisiz. Qələbəmiz mübarək olsun”!
Görüşdə vurğulanıb ki, Şəhid Baş leytenant respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fədakarlıqla iştirakına və öz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.Şəhid zabitin valideynlərinə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, Q.Paşayeva və A.Bağırova tərəfindən üstünə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.