“Azərbaycan Respublikasında Nəsimi ili” çərçivəsində tədqiqatçı-yazar Aygün Cəfərovanın Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə nəşr olunan “Nəsimi yaradıcılığında folklor izləri” adlı kitabının təqdimatı keçirilib.
Tədbiri Poeziya Evinin direktoru, kitabın redaktoru, şair İbrahim İlyaslı açaraq mütəfəkkir şair Nəsiminin yaradıcılığına verilən dəyərin vacibliyindən, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Nəsiminin 650 illiyi ilə bağlı Sumqayıtda silsilə tədbirlərin həyata keçirildiyindən, eləcə də kitabın araya- ərsəyə gəlməsindən, Aygün Cəfərovanın ədəbiyyatşünaslıqda layiqli imza sahibi olacağına inamından danışıb.
Sonra kitabın elmi redaktoru filologiya elmlər doktoru, professor Rüstəm Kamal çıxış edərək müəllifin özünəməxsus tədqiqat üslubunun olduğunu, Nəsimi şeirində folklor emosiyasını hiss edib ifadə edə bilmə imkanlarından söz açıb.
Tədbirdə iştirak edən filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlu, şair Əşrəf Veysəlli, Aygün Cəfərovanın ilk müəllimi olmuş Hökümə Allahverdiyeva, Fərhad Nəhmətoğlu, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov da çıxış edərək müəllifə yaradıcılıq uğurları arzu ediblər.
Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər Nəsimi dilinin ədəbi dilimizin mühüm mərhələsi olduğunu, onun xalq dili və bədii təfəkküründən ayrı düşünülməsinin mümkünsüzlüyünü və şairin yaradıcılığının daha ətraflı öyrənilməsinə ehtiyac olduğunu dilə gətirib.
Tədbir şeir və musiqi nömrələri ilə yekunlaşıb.