
Elmlər Parkında keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində mühüm bir ədəbi hadisə gerçəkləşdi. Yazıçılar birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə nəşr edilən “Yaşılım, yaşılım, hara gedirsən?” kitabının məktəblilərlə birgə təqdimat mərasimi keçirildi.
Tədbirdə millət vəkili, dəyərli ziyalımız Jalə Əliyeva, ictimai xadimlər, müəllimlər, şagirdlər və ədəbiyyatsevərlər iştirak edirdi. Kitabın nəşrə hazırlanmasında əməyi olan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova tədbirdə çıxış edərək, bu əsərin gənc nəslin maariflənməsi, təbiətə və yaşıl dünyamıza sevgi ruhunda tərbiyə olunması baxımından önəmini vurğuladı.
Ədəbi və ekoloji duyarlılığı birləşdirən bu nəşr uşaqlarda təbiətə qarşı məsuliyyət hissini formalaşdırmaqla yanaşı, onların bədii-estetik zövqünün inkişafına da töhfə verir. Təqdimat çərçivəsində məktəblilər kitabdan parçalar səsləndirdilər, fikirlərini bölüşdülər və müəlliflərlə ünsiyyət qurmaq imkanı qazandılar.
“Yaşılım, yaşılım, hara gedirsən?” – bu sual ətrafında formalaşan kitab, yaşıl dünyanın haraya getdiyini deyil, onu necə qoruyacağımızı düşünməyə vadar edir.
Yaşılım, yaşılım, hara gedirsən?” toplusu Azərbaycan Yazıçılar Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşəbbüsü olaraq, bu il ölkəmizdə keçirilmiş mühüm qlobal tədbir – COP29-a ədəbi və ekoloji yönümlü kiçik bir töhfədir.










